Azərbaycan Respublikasının Gənclər Fondu bu günə qədər gənclər və gənclər təşkilatları üçün qrant müsabiqələri, gənclərin beynəlxalq tədbirlərdə və beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi, ölkə daxilində sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil haqlarının qarşılanması, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura təhsilinin maliyyələşdirilməsi, gənclərin məşğulluğunun təmini, gənclərin innovativ startap ideyalarının dəstəklənməsi və gənclərin inkişafı ilə bağlı digər proqram və layihələri icra edərək 500 min nəfərdən çox gənci əhatə edib.
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 14 aprel 2023-cü il tarixli Q-01 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Gənclər Fondunun Təlimçi Məlumat Bankı fəaliyyətə başladı.
Məlumat Bankının yaradılmasının məqsədi Fond tərəfindən və ya Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihə və proqramlar çərçivəsində qeyri-formal təhsilin keyfiyyətinin artırılması, təlim-tədris prosesinin təşkilinə nəzarətin gücləndiriməsi və gənclərlə işləyən təlimçilərin əlaqələndirilməsidir.
Məlumat Bankına gənclərin, tələbələrin, könüllülərin, gənclərlə və könüllülərlə iş üzrə mütəxəssislərin müəyyən bir sahədə bilik və bacarıqlar əldə etmələri üçün qeyri-formal təhsil vasitələri ilə təlim məşğələləri keçirən peşəkar təlimçilər daxil edilib.
Gənc Lab-ın məqsədi gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, inkişaf etmək istədikləri ixtisaslar üzrə əlavə biliklərin əldə edə bilmələri üçün əlçatan və ödənişsiz təlimlərin təşkil olunmasıdır.
Proqram çərçivəsində müvafiq istiqamətlər üzrə təlimlər həyata keçiriləcək. Gənclər iştirak etmək istədikləri təlim mövzusuna uyğun olaraq qeydiyyatdan keçəcəklər. Növbəti etapda gənclərə elektron poçt vasitəsilə təlimlərin məkanı, tarixi, proqramı və digər zəruri məlumatlar təqdim ediləcəkdir.
Təlimlər 3 modul üzrə həya keçiriləcək: “Özünü inkişaf etdir!”, “Karyeranı inkişaf etdir!”, “İdeyanı yarat!”.